Abdulla Şaiq

(1881-1959)

Məktub yetişmədi

Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər yaslı adamlar kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü

Qurban Şeytanbazar ağzında, məktub yazan həmşərisi Molla Fərzəlinin yanında oturmuşdu. Soyuqdan əlləri və üzü bozarmışdı. Bir əli ilə yırtıq paltarının açıq yaxasını tutaraq:

– Molla, mənə bir məktub yaz! Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, artıq sənə beş məktub yazdırıram, – dedi.

Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşdurdu. Əsnəyə-əsnəyə bir kağız parçasını dizi üstünə alaraq:

– Həmşəri, nə yazılacaq? – dedi.

Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi pıçıldayaraq dedi:

– Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz. Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat göndərdim. Bayramqabağı yenə göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm.

Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmağa başladı. Qurban dedi:

– Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enib, nə qədər yalvarırıq ki, “Ay ağa! Haqqımızı bir az artır, çünki aşağıya getmək çox çətindir, neftin, qazın iyindən nəfəsimiz tutulur”, zalım oğlu razı olmur. “Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm”, – deyir. Molla, burada pul qazanmaq çox çətindir.

Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub: – Həmşəri, zərfin üzü kimin adına olacaq? – deyə soruşdu.

Qurban əli ilə boynunu ovuşdura-ovuşdura:

– Hə, molla, yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək.

Qurban əli ilə qoynundakı məktubu bərk tutaraq yeriyirdi. O indi həmşərisi Qulamrzanın mənzilinə gedib, həm məktubu ona vermək, həm də dilcavabı bir-iki söz sifariş etmək istəyirdi. O, ayaqları altında xışıldayan qarın üzərinə birdən-birə üzüqoylu düşdü, ölgün və üzgün halda başını qaldırdı. Qabağında izdihamı yarıb keçən faytonları, isti paltarlı, şən sifətli insanları qəzəbli nəzərlərlə süzdü. İxtiyarsız olaraq, solğun dodaqlarından bütün əzab və qəmlərinə tərcüman olan bir “of” uçdu. Özünü doğruldaraq düşdüyü yerdən qalxdı. Tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. Bir az sonra Qulamrzanın mənzilinə yetişdi. Qapı bağlı idi… Qəmgin və fikirli halda geri döndü və yolda həmşərisi Səftəri gördü. Ona yaxınlaşaraq əhval soruşdu. Məlum oldu ki, Qulamrza şəhərə getmişdir.

Qurban Səftərə söylədi:

– Qulamrza qayıdanda mənim gəldiyimi ona de, tapşır ki, məni görməmiş getməsin. Amanatım da, dilcavabı sifarişim də var.

Bunu deyib Qurban mənzilinə qayıtdı.

 

***

… – Namərdlər, alçaqlar, nə qədər ki quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki quyu dərinləşib, mənə baş olmaq istəyirlər. “Quyu dərinləşib, ölüm ayağı var”, – deyə hər gün təzə şərt qoyurlar.

Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi:

– Ay ağa, – dedi, – bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir.

Səfər Tanrıverdinin sözünü kəsdi:

– Bax bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən.

Hacı Qulu ayaqlarını yerə çırparaq bağıra-bağıra:

– Canınız çıxsın, – dedi, – pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətəkətək pulumuzdan.

Tanrıverdi həyəcanla qışqırdı:

– Səfər! Səfər! Qurban ipi tərpədir.

Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə:

-Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardılar.

Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə:

-Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, - dedi.

Tanrıverdi soyuq və laqeyd bir tövrlə:

-Hacı, Qurbanın meyiti quyuda qalacaq? - deyə soruşdu.

Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən iki iyirmi beşlik çıxarıb:

-Kim bu işi görsə, bu əlli manat onundur, - dedi.

Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə:

-Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, - dedi.

Hacı əlli manatı onlara verib dedi:

-Bu əlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın.

Səfər soruşdu:

-Ağa, bəs paltarı nə olacaq?

Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə:

-Onu da buralarda bir yer qazıb basdırın, - dedi.

Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" cümləsi yazılmışdı.

 

Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: "Yazıq Qurban, məktub yetişmədi" - deyə inlədilər.

Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı. Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: “Yazıq Qurban, məktub yetişmədi”, – deyə sızıldadılar.

1401.4.28
Bölüm : Hekayə,